Təklif və Tələb
İqtisadiyyatın təməli və insan münasibətlərinin ən dərin qatlarında təklif və tələb qanunu dayanır. Təklif və tələb bir araya gələndə bazarda nəyin qiymətinin artacağını və ya azalacağını, kimlərin qazanc əldə edəcəyini, kimlərin isə itirəcəyini müəyyənləşdirir. Məsələn, bir məhsula tələb varsa, yəni hamı onu almaq istəyirsə, qiymət artır. Əgər məhsul bazarda çox təklif olunursa, amma az adam onu almaq istəyirsə, qiymət azalır. Təklif və tələb qanunu supermarketlərin niyə yüksək keyfiyyətli kolbasanı adi markalı kolbasadan daha baha satdığını, kompüter şirkətlərinin isə yalnız rəngini dəyişdirdikləri notbuklar üçün niyə əlavə ödəniş tələb edə bildiyini izah edir. Rəngi fərqli olan notbuk funksional olaraq eyni olsa da, insanlar fərqlilik, estetik görünüş və şəxsi seçimlərə görə ona daha çox pul verməyə hazırdırlar. Fizikada cazibə qanunu hər yerdə necə işləyirsə, iqtisadiyyatda da tələb və təklif hər yerdə işləyir. Tələb alıcıların nəyisə alma istəyi və imkanı deməkdir. Məsələn, 3 kq alma 1 manatdırsa, çox adam ala bilər. Amma eyni alma 5 manat olarsa, almaq istəyənlərin sayı azalır. Qiymət artdıqca tələb azalır, çünki insanlar ya almağa güc çatdırmır, ya da artıq buna dəyər görmürlər. Əgər tələb azalarsa, satıcı məcbur olub qiyməti endirməyə başlayır. Təklif isə satıcının müəyyən qiymətə nəsə satmaq istəyidir. Əgər qiymət yüksəkdirsə, satıcı daha çox məhsul istehsal edib satmaq istəyər, çünki daha çox qazanc əldə edə bilər. Əgər qiymət aşağıdırsa, satıcı xərclərini qarşılaya bilmir. Ona görə də istehsal etməyə və satmağa marağı azalır. Qiymət yüksəldikcə təklif artır, qiymət düşəndə isə tələb artır, təklif isə azalır.
XXI əsrin əvvəllərində Amerikada ev qiymətləri sürətlə artdı. Ucuz ipoteka kredit kampaniyaları sayəsində getdikcə daha çox ailə ev sahibi oldu. Ucuz kreditlər səbəbindən insanlar çoxlu ev almağa başladı, bu da tələbin kəskin artmasına səbəb oldu. Tələb artdığı üçün qiymətlər də artdı. Bu isə tikinti şirkətlərini, xüsusilə Mayami və Kaliforniyanın bəzi bölgələrində daha çox ev tikməyə sövq etdi və bu da təklifin artmasına səbəb oldu. Yeni tikilən evlər bazara çıxdıqda artıq təklif çoxaldı, amma tələb əvvəlki qədər güclü qalmadı. Nəticədə bazar doymuş oldu. Təklif tələbi keçəndə isə qiymətlər sürətlə düşməyə başladı. Bu proses iqtisadiyyatda “balon partlaması” adlanır. Qiymətlər süni şəkildə artır, sonra isə qəfil düşür. 14 Fevral – Sevgililər Günündə gül qiymətləri sürətlə artır. Tələb artır, təklif isə eyni qalır və nəticədə qiymətlər yüksəlir. İqtisadçılar bunu “mövsümi təsirlər” (seasonal effects) adlandırırlar. Təbii dövrlərdə hava şəraiti, bayramlar və adətlərlə əlaqəli qiymət dəyişmələri baş verir.
İndiyə qədər heç bir iqtisadçı orta evin dəyərini dəqiq müəyyən edə bilməyib. Tarixi nümunələr bizə evin dəyərinin bir insanın illik maaşının üç və ya dörd qatına uyğun olmalı olduğunu göstərir. Əgər bir nəfərin illik maaşı 20 000 manatdırsa, o zaman onun ala biləcəyi normal ev 60 000 – 80 000 manat arasında olmalıdır.