Səbəbsiz Nəticə - Hər şeyin bir səbəbi olmalıdırmı?
2025-ci ildə bu arqumenti belə formada təqdim etmək həqiqətən gülüncdür. Gəlin bir qədər arqumenti ciddi formaya salıb cavab verməyə çalışaq. Kəlam Kozmoloji (Kosmologiya) arqument kimi formulizə edilən bu arqument müasir zamanda amerikalı filosof Craig tərəfindən aktuallaşdırılır. Arqument aşağı-yuxarı belədir:
P1. Başlanğıcı olan hər şeyin bir səbəbi olmalıdır.
P2. Kainatın bir başlanğıcı var.
Nəticə (C): Deməli, Kainatın bir səbəbi var.
İzah etməli olsaq: Kainat nədir? İndiyə qədər mövcud olmuş, hal-hazırda mövcud olan və gələcəkdə mövcud olacaq bütün fiziki şeylərin birləşməsidir.
Kainatın özü məkan, zaman və maddədən ibarətdirsə, bu o deməkdir ki, bu, anlayışlar — məkan, zaman və maddə — Kainat yaranana qədər mövcud deyildi. Buna görə də ağlabatan nəticə budur: Kainatdan əvvəl mövcud olan səbəb zamansız, məkansız və maddi olmayan bir varlıqdır, həmçinin bu səbəbin kainatı var etmə gücündə olduğu üçün çox qüdrətli olduğu nəticəsinə gəlmək də məntiqlidir.
Arqument bizim üçün 2 mövzuda düşünməyə şərait yaradır: səbəb anlayışı və kainatın başlanğıcının olub-olmaması. Gəlin səbəb anlayışına bir qədər daha yaxından baxaq.
İnsanların çoxu elmi səbəblərin axtarışı kimi görür, tibb tədqiqatçıları xəstəliklərin, tarixçilər tarixi hadisələrin və s. Russel isə iddia edir ki, elm sadəcə bunu izah edir, səbəblərlə açıqlamağa çalışmır. Məsələn, fizikada səbəblər yox riyazi dil mövcuddur. Russelə görə səbəb-nəticə arasında 2 xüsusiyyət haqqında danışmaq önəmlidir:
İlk olaraq assimmetriya: səbəblərlə nəticələr eyni şəkildə əlaqələnmir. Məsələn, tarixçilər deyir ki, Avstriya-Macarıstan vəliəhdi Franz Ferdinandın öldürülməsi 1-ci Dünya müharibəsinə səbəb oldu. Yəni Ferdinandın öldürülməsi müharibənin başlanmasına səbəb oldu, amma müharibənin başlanması Ferdinandın öldürülməsinə səbəb olmadı. Bu, assimetriyadır. Bundan əlavə səbəblər spesifik olur. Müharibədən əvvəl çox şey baş vermişdi, amma onların hamısı müharibəyə səbəb olmadı. Məsələn, Mars planeti ilə Yer planeti arasında olan məsafəni heç bir tarixçi səbəb kimi qeydə almır. Fizikada səbəblər bu xüsusiyyətdən məhrumdurlar.
Həmçinin izahlar da bir-birindən fərqlənir. Misal üçün qaz buludunun makro fiziki təsviri onun təzyiqi, həcmi kimi parametrlərlə verilir. Mikro fiziki təsvir isə buludu təşkil edən hissəciklərin sürətləri və kütlələri ilə təsvir edilir.
Mikrofiziki təsvirlər həm assimmetriyadan, həm də spesifik səbəbdən məhrumdur. Yəni mikrofiziki qanunlar həm keçmişi, həm də gələcəyi eyni dərəcədə müəyyən edir, halbuki 1-ci Dünya müharibəsinin səbəbi Ferdinandın ölümü idi. Mikro fiziki kainatda isə öldürülmə və müharibə bir-birinə bağlıdır, yəni biri digərinin səbəbi deyil. Həmçinin Marsın Yer ilə mövqeyi Ferdinandın ölümü ilə eyni dərəcədə təsir göstərmiş olur. Əgər mikrofiziki səviyyədə səbəblərin təsiri assimetrik deyilsə, bu zaman səbəblərlə nəticələri ayırd etmək üçün də heç bir əsas yoxdur.
Yenə də makrofiziki kainatda səbəbiyyətin faydalı olduğuna dair 1979-cu ildə Nensi Kartrayt tənqidi yanaşma irəli sürdü:
Tutaq ki, araşdırmalara görə siqaret çəkənlərdə xərçəngə tutulma ehtimalı daha azdır. Belə çıxır ki, xərçəngdən qurtulmaq üçün siqaret çəkməyə başlayaq? Əsla.
Çünki siqaret çəkənlərin idmanla daha çox məşğul olduğunu da müşahidə edə bilərik. Əgər qrupları diqqətlə müqayisə etsək – yəni idman edən siqaret çəkənlərlə idman edən siqaret çəkməyənləri qarşılaşdırsaq, görərik ki, siqaret çəkmək xərçəng riskini artırır.
Burada əsas məsələ ondadır ki, siqaret çəkməməyin yaxşı bir strategiya olduğunu anlamaq üçün siqaretin xərçəngə səbəb olduğunu qəbul etməliyik.
Həmçinin düşünə bilərik ki, mikrofiziki kainatda səbəbiyyət yoxdur. Bu hadisələrin tamamilə təsadüfi və izahsız baş verdiyi anlamına gəlməz. Bir hadisənin izahı ola bilər, amma səbəbi olmaya bilər, çünki bəzi izahlar səbəbə əsaslanmır.
Məsələn, “İki tək ədədin cəmi cüt ədəddir” ifadəsi səbəbə görə yox, sadəcə riyazi qaydaların strukturuna görə məcburi formalaşır. Əslində bunu teoloqlar özləri də qəbul edir. Məsələn, Tanrının varlığı səbəblə izah olunmur, bu onun mahiyyəti ilə izah olunur.
Bəlkə də, bütün mikro fiziki izahlar da bu formada səbəbsiz, lakin izahlı ola bilər.
O zaman belə ümumiləşmə edə bilərik: necəki səbəblilik anlayışı makro kainatda bizim ünsiyyətimiz üçün daha faydalı bir yoldur, bir şeyin var olmağa başlaması da yalnız bizə görə faydalı perspektif ola bilər.
Əslində, zamanın istiqaməti mövzusu da müzakirə etməyə dəyər mövzudur. Zamanın istiqamətinin olmasını hiss etməyimiz makro fiziki kainata aiddir. Mikro fiziki kainatda bu keçərli deyil. Əgər bu doğrudursa, arqumentin ikinci öncülü xətalı olmuş olur, yəni kainatın bir başlanğıcı yoxdur.
Lakin tutaq ki, həqiqətən də kainatda bəzi şeylər gerçəklikdə var olmağa başlayır. Amma bu halda da mikrofiziki təsvir baxımından səbəb yoxdur.
Etiraz: Craig kvant və ya mikrofiziki hadisələri səbəbsiz adlandırmağın xətalı olduğunu iddia edir, çünki onların “çoxsaylı fiziki şərtləri var”.
Burada fiziki şərtləri səbəb kimi hesab etmək xətalıdır. Məsələn, Əgər onun iki qardaşı olmasaydı, Gillian üç uşağın içində yeganə qız ola bilməzdi. Onun iki qardaşı, Gillianın üç uşaq arasında yeganə qız olması üçün zəruri bir şərt idi, amma bu həmin vəziyyətin səbəbi deyildi.
Eyni şəkildə, hansısa digər hadisəni zəruri edən bir şərt, ümumiyyətlə, həmin hadisənin səbəbi sayılmır. Məsələn, bir qutunun sağ tərəfi, sol tərəfi olmadan mövcud ola bilməz, amma nə sağ tərəf solu, nə də sol tərəf sağ tərəfi yaradır.
Etiraz: əgər səbəb olmadan nələrsə başlaya, yarana bilirsə, bəs niyə bunun daim baş verdiyini görmürük?
Əlbəttə, buna fərqli cavablar verən filosoflar var. Məsələn, səbəb-nəticə əlaqəsinin olmadığını düşündüyü iddia edilən filosoflardan biri David Hume əslində reallıqda birlikdə baş verən iki hadisənin bir-biri ilə əlaqəsinin olub-olmadığını iddia edirdi. Yəni Hume düşünürdüki, bu gün günəşin çıxması sabah da çıxacağı anlamına gəlmir. Amma biz tamamilə səbəbsiz ortamı qəbul etmirik deyə, bu suala cavabımız bəllidir. Müəyyən fiziki şərtlənmələr və ya kainatdakı qanunların, sahələrin mahiyyəti növbəti baş verənləri müəyyən edir. Yəni biz daşı eyni şərtlər altında yerə atacağıqsa, daş hər zaman yerə düşəcək.
Videoya keçid: https://youtu.be/qxZ-rXMbR8M