Əsas məzmuna keçin

Maltus Nəzəriyyəsi

· Oxuma müddəti: 2 dəqiqə

İqtisadiyyatda bəzi nəzəriyyələr uzun illər, hətta əsrlər boyu sarsılmaz həqiqət kimi qəbul olunub. Neoklassik iqtisadiyyat insanı rasional qərarlar verən və maksimum fayda əldə etməyə çalışan bir varlıq kimi təsvir edir. Davamlı iqtisadi artım nəzəriyyəsi isə sanki sonsuz artımın mümkün olduğunu iddia edir. Halbuki resurslar məhduddur. İnsanlar həmişə rasional davranmır. Ətraf mühit isə sonsuz yüklənməyə tab gətirə bilmir. İnkişaf kimi təqdim edilən proses əslində özünü məhvə aparan bir yoldur. İnsanlığın əhali və istehlak baxımından artması mikroskop altındakı hüceyrələrin sürətli bölünməsini xatırladır. İnsanlar daha çox enerji sərf edir, daha çox tullantı yaradır. Lakin planetin daşımacılıq qabiliyyəti (carrying capacity) var, yəni ekosistem yalnız müəyyən miqdarda həyat formasını daşıya bilir. Bu sərhədlər aşılarsa, sistem pozular. Mikroskop altında hüceyrələrin çoxalmasını təsəvvür edin: əvvəlcə bir hüceyrə olur, bu, iki yerə bölünür, sonra dördə, sonra səkkizə və s. Buna eksponensial artım deyilir. Əvvəlcə çox yer var, hər şey normal görünür, amma bir müddət sonra hüceyrələr bütün sahəni doldurur. Daha sonra nə baş verir? Qidalanmaq üçün yer qalmır, oksigen və digər resurslar tükənir, zəhərli maddələr toplanır. Nəticədə hüceyrələr ölməyə başlayır.
İnsanlıq da bu prinsiplərlə hərəkət edir. Artdıqca və sərhədsiz inkişaf etdikcə ekoloji və iqtisadi sistemlərə yük artır. Yer üzü sonsuz bir “qutu” deyil. Bir nöqtədə ya sistem çökəcək, ya da biz dayanıqlı yaşamağı öyrənməli olacağıq. İnsan yaşamaq üçün qidaya ehtiyac duyur. Əgər qida yoxdursa, insan da yaşaya bilməz. Qida, torpaq və digər resurslar məhduddur. İnsan təbiəti isə çoxalmağa meyillidir. Burada iki növ artım fərqləndirilir:

1. Geometrik artım (eksponensial) – əhali artımı: 2, 4, 8, 16, 32, 64, 128… Hər addımda əvvəlki say ikiqat artır. Bu çox sürətli bir artımdır.

2. Aritmetik artım – ərzaq artımı: 2, 4, 6, 8, 10, 12… Hər addımda sabit bir ədəd əlavə olunur. Bu isə daha yavaş və məhdud artımdır.

Əgər əhali ərzaqdan daha sürətlə artırsa, bir nöqtədə ərzaq kifayət etməyəcək. Bu zaman insanlar aclıqdan, xəstəlikdən və ya müharibələrdən öləcək. Bu hal “Maltus tələsi” adlanır. Artım, nəticə etibarilə, özünü məhv edir. Maltus bu artımın təbiət tərəfindən balanslaşdırıldığını düşünürdü. Onun fikrincə, bu iki yolla baş verə bilər:

1. Fəlakətlər – aclıq, xəstəlik, müharibə kimi dağıdıcı amillər.

2. Önləyici tədbirlər – gec evlənmək, doğum nəzarəti, mənəvi tərbiyə və intizam.