Əsas məzmuna keçin

Dil və Təqdimat Forması

· Oxuma müddəti: 5 dəqiqə

İnsan cəmiyyəti söz üzərində qurulmuşdur. Söz fikrin daşıyıcısı, mədəniyyətin təzahürü və emosional ifadənin əsas vasitəsidir. Lakin sözün təkcə məzmunu deyil, onun necə deyilməsi, yəni təqdimat forması da həqiqi təsir gücünü müəyyən edir. Doğru və dəyərli bir fikir əgər yanlış tonda, uyğun olmayan zamanda və ya kontekstdən kənar təqdim olunarsa, yalnız anlaşılmazlıq doğurmur, eyni zamanda özü-özünü inkar edən və ya ciddi reaksiya ilə qarşılanan bir forma alır. Beləliklə, “Düzgün söz səhv formada təqdim olunarsa, təsir gücünü itirir” fikri geniş şəkildə şərh ediləcək. Elmi nəzəriyyələr, psixoloji modellər, estetik prinsiplər və fəlsəfi sistemlər bu problemin çoxşaxəli mahiyyətini açmağa kömək edir.

John L. Austin və John R. Searle tərəfindən irəli sürülmüş “Nitq aktları” nəzəriyyəsinə əsasən, dil sırf informasiya ötürmək vasitəsi deyil, eyni zamanda sosial davranış formasıdır. Yəni danışıq həm də bir əməl sayılır. Bu nəzəriyyəyə görə, hər danışıq aktı üç mərhələdən ibarətdir: sözün deyilməsi (locutionary act), məqsədin ifadəsi (illocutionary act) və dinləyicidə doğurduğu reaksiya (perlocutionary act). Əgər söz doğru olsa da, illokusionar akt düzgün ifadə edilməzsə və ya perlokusionar təsir gözlənilən şəkildə alınmazsa, o zaman sözün məqsədi puç olar. Yəni “düzgün fikir”, düzgün niyyətlə deyilsə və ya anlaşılmırsa, bu fikir nəticəsiz qalır.

Aristotel isə nitqin inandırıcılığını üç əsas prinsipə bağlayır: danışanın etibarı (etos), dinləyicidə oyadılan emosional reaksiya (patos) və arqumentin məntiqi əsaslandırması (logos). Ritorik uğur bu üç elementin harmoniyasına bağlıdır. Düzgün fikir əgər təqdim edənin etibarı zəifdirsə, ya da fikir dinləyicidə emosional rezonans doğurmursa, məntiqi əsaslandırması olsa belə, təsiri zəifləyir. Bu model kommunikativ uğurun yalnız “doğru olmaqla” qazanılmadığını, həm də doğru təqdim olunmaqla mümkün olduğunu sübut edir.

Müasir psixologiya isə sübut edir ki, insanlar informasiyanı yalnız məzmununa görə deyil, həm də onu çatdıranın davranışına, emosional tonuna və nitqin kontekstinə görə qəbul edirlər. Albert Mehrabianın “7 – 38 – 55” modelinə görə, yalnız 7 % məna sözlərdən, 38 % səs tonu və intonasiyadan, 55 % isə bədən dili və təqdimatdan asılıdır. Yəni nitqdə istifadə olunan sözlərin özlüyündəki məna ümumi qəbul prosesinin çox kiçik bir hissəsini təşkil edir. Bu o deməkdir ki, doğru söz yanlış səslə və ya jestlərlə deyildikdə onun təsiri ciddi şəkildə itə bilər. İnsan beyni emosional siqnalları rasional məzmuna nisbətən daha tez emal edir və davranışı da daha çox bu emosional reaksiya formalaşdırır. Deniel Kaneman və Amos Tverskinin “Framing effekt” nəzəriyyəsinə əsasən, eyni informasiya fərqli çərçivədə təqdim olunarsa, onun insan psixologiyasında fərqli təsir doğurması mümkündür. Bu təkcə dilin texniki strukturuna deyil, həm də insanın şüuraltı sosial qavrayışına əsaslanır. Məsələn, “Bu dərmanın effektivliyi 90 %-dir” və “Bu dərmanın uğursuzluq riski 10 %-dir” cümlələri statistik olaraq eyni olsa da, ikinci forma insan beynində təhlükə siqnalı kimi qavranılır. Deməli, düzgün fikir belə düzgün çərçivəyə salınmazsa, psixoloji baryerlərə toxunaraq istənilən effekti verməyə bilər.

Estetik yanaşmaya görə, insan yalnız məna axtaran deyil, eyni zamanda zövq alan bir varlıqdır. Gözəllik duyğusu, harmoniyaya yönəlmiş daxili meyil və ritmik struktur insan psixikasına dərin təsir göstərir. Nitqin tərkibindəki metaforlar, paralellər, ritm və daxili uyum onun emosional qəbulunu gücləndirir. İnsanı düşündürən fikir onu həm də ruhən qidalandırmalıdır. Bu mənada düzgün fikir, əgər estetik çatışmazlıq içində təqdim olunursa, dinləyici tərəfindən “quru”, “soyuq” və “yorucu” qəbul edilə bilər. Fəlsəfədə dilin və həqiqətin münasibəti xüsusi yer tutur. Martin Haydeggerə görə, “Dil varlığın evidir”. Yəni var olan hər şey yalnız dil vasitəsilə anlam qazanır. Əgər bir fikir yanlış formada təqdim olunursa, bu təkcə semantik anlaşılmazlıq deyil, varlığın təhrifidir. Bu baxışa görə, düzgün sözün təqdimatındakı qüsur onu həqiqətdən uzaqlaşdırır. Hans Georg Gadamerin hermenevtikasına görə isə anlam yalnız mətnin özündə deyil, həm də tərcümənin və interpretasiyanın içində yaşayır. Bu, deməkdir ki, dinləyicinin mənəvi, mədəni və psixoloji hazırlığı da sözün gücünə birbaşa təsir göstərir. Sözün özü yox, onun şərhi və qarşılandığı kontekst həqiqətə gedən yolu formalaşdırır. İslam fəlsəfəsində də bu yanaşma var: “Kəlmə hikmətlə deyilməzsə, fitnə doğurar”. Bu, sözün hikmətlə, yəni uyğun zamanda, uyğun formada, uyğun şəxsə deyilməsini vacib sayır. Yuxarıda şərh olunan nəzəri və fəlsəfi yanaşmalar sübut edir ki, doğru sözün təsirli olması üçün onun forma, kontekst, emosional zəmin, estetik harmoniya və etik çərçivə içində təqdim olunması zəruridir. Hətta ilahi sözlər belə vəhy vasitəsilə, yəni xüsusi estetik və mənəvi çərçivə içində insanlara ötürülmüşdür. Bu da göstərir ki, forma bəzək deyil, mahiyyətin özünə xidmət edən zərurətdir.

Söz yalnız ağılda deyil, ürəkdə, ruhda, estetik zövqdə və sosioloji dəyərlərdə əks-səda doğurmalıdır. Düzgün sözün yanlış təqdimatı, potensial həqiqəti məhv edə bilər. Bu, sadəcə rabitə məsələsi deyil, bu, ontoloji məsələdir.

Ontologiya fəlsəfənin varlıqla bağlı fundamental sahəsidir. O, “nə vardır?”, “varlıq nədir?” və “bir şeyin gerçək mahiyyəti nədir?” suallarını cavablandırmağa çalışır. Bir məsələnin ontoloji olması deməkdir ki, bu məsələ sadəcə təcrübəyə və ya texnikaya aid deyil, daha dərinə – varlığın özünə, mahiyyətinə, mövcudluğuna toxunur. Sözün təqdimatı da belədir: o yalnız kommunikasiya vasitəsi deyil, həm də insanın özü ilə, digər varlıqlarla və ümumilikdə gerçəkliklə necə əlaqə qurduğunu əks etdirir. Yanlış təqdimat, gerçəyi yanlış şəkildə varlıq müstəvisinə çıxarmaq deməkdir, yəni həqiqətin pozulmasıdır.

Bəs əgər sözün forması onun mahiyyətini dəyişirsə, o zaman biz doğrunu danışanda doğrunun özünü, yoxsa yalnız onun bizə görünən kölgəsinimi təqdim edirik? Həqiqət doğrudanmı bir məna daşıyır, yoxsa hər təqdimatda yeni bir doğrunu doğurur? Əgər bir fikir yalnız düzgün təqdimatda gerçəkləşirsə, o zaman gerçək nədir: fikir, yoxsa onun təqdimatıdır? Bu suallar bizi sadəcə nitqin texniki tərəflərinə deyil, həm də düşüncənin və reallığın quruluşuna yönəldir. Çünki əgər fikir öz-özlüyündə təsirsiz, lakin uyğun təqdimatda güclü olursa, deməli, biz varlığın sabit bir həqiqətini deyil, şəraitə görə dəyişən bir təzahürünü yaşamaqda ola bilərik. Bu isə dilin və təqdimatın təkcə ötürücü deyil, yaradıcı gücə malik olduğunu göstərir.