Əsas məzmuna keçin

“Bəzən Ruhumuz Zamanın Boşluğunda İlişib Qalır...”

· Oxuma müddəti: 5 dəqiqə

Zaman axır, lakin biz hər zaman onunla birgə axa bilmirik. Bəzən elə bir an gəlir ki, insan nə bu gündə, nə də gələcəkdədir. Sanki içində bir “stop” düyməsi basılır və ruh o bircə saniyənin içində əsrlərlə qalır. Bu, nə xatirədir, nə nostalji. Bu, ruhun zamanla bağının qopduğu və zamansızlığın içində nəfəs almağa çalışdığı haldır.

Həyatda elə duyğular var ki, onları heç bir saat, heç bir təqvim ölçə bilməz. Çünki onlar zamandan deyil, ruhdan doğur. İnsan yaşaya bilər, məğzi hiss etmədən gülə bilər, amma qəhərlə. İrəliləyər, amma daxilində bir nöqtədə donub qalar. Bəzən bu nöqtənin adı keçmişdir, bəzən isə öyrənilməmiş dərs, başa çatmamış vida, ifadə olunmamış duyğu...

Həyat təkrarlanır. Əgər diqqətlə baxsaq, fərqli adlarla, fərqli hadisələrlə, lakin eyni nüvəyə sahib situasiyaların dövr etdiyini görə bilərik. İnsan bəzən hiss edir ki, eyni problemlə illərdir üzləşir, sadəcə dekorasiya dəyişir. Bu, sadəcə təsadüf deyil. Bu, bir nümunədir. Həyat bizə öyrətmək istədiyini təkrar-təkrar – biz dərsi mənimsəyənə qədər təqdim edir.

Eyni növ münasibətlər, eyni cür zərbələr, eyni emosional reaksiyalar... İnsanlar bu halı tez-tez “taleyin oyunu” adlandırırlar. Amma psixoloji baxımdan, bu daha çox həll olunmamış daxili nümunələrin təkrar istehsalıdır və şəxsi davranış modellərinin təkrar formalaşması ilə izah olunur. İnsan emosional olaraq tanış olan şeylərə yönəlir, hətta bu tanışlıq ağrı ilə müşayiət olunsa belə. Məsələn, uşaqlıqda rədd edilmə təcrübəsi olan biri yetkin yaşda da onu qəbul etməyən insanlara yönələ bilər. Dəyərsiz hiss edən biri özünü sübut etməyə çalışdığı əlaqələrə daxil olur və yenidən rədd edilir. Bu davranışlar şüurlu şəkildə seçilmir. Onlar şüuraltı səviyyədə tanış və “normal” görünür. Bu tanışlıq isə bizi eyni dövrəyə salır.

İnsan beyni təkrarlar vasitəsilə öyrənir. Psixologiyada bu “klassik şərtlənmə”“davranış nümunələrinin möhkəmlənməsi” kimi nəzərdən keçirilir. Əgər bir davranış və ya seçim bizə mənfi nəticə verirsə, o təcrübə analiz olunmayana qədər təkrarlanır. Burada əsas mexanizm budur:

Təcrübə – hadisə baş verir.

Reaksiya – biz əvvəlki kimi davranırıq.

Nəticə – eyni problem yaşanır.

Analiz – əgər dayanıb “nəyə görə belə oldu?” sualını vermiriksə, dövrə davam edir.

Bu dövriyyə yalnız özünü müşahidə və dürüst analiz vasitəsilə qırıla bilər.

Bəzi sualların cavablarını tapmaq üçün psixoloji dəstək, özünəqayğı və zaman lazımdır. Əsas məsələ məsuliyyəti xarici amillərdə deyil, öz qərarlarında axtarmaqdır. Həyatın verdiyi dərslər sadə deyil, amma məqsədlidir. Əgər biz eyni problemlərlə üzləşiriksə, bu, həyatın bizə verdiyi cəza deyil, öyrətmək istədiyi anlamına gəlir. Dərs öyrənilənə qədər təkrar olunur, bu, həyatın qanunudur.

Əgər situasiya dəyişmirsə, deməli, sən dəyişməmisən.

Əgər ağrı tanış gəlirsə, deməli, səbəb hələ də yerindədir.

Və nəhayət, əgər öyrənməyə başlasan, həyatın ssenarisi də dəyişməyə başlayacaq.

Zaman ruhu tərk etdikdə insan bədənə çevrilir. Gündəlik həyatımızda irəli getdiyimizi düşünürük, amma daxilimizdə bir yerdə – heç kimə demədiyimiz bir otaqda eyni sətirləri yenidən və yenidən oxuyuruq. Orada zaman yoxdur; saatlar işləmir, işıq dəyişmir, biz eyni cümlənin içində ilişib qalırıq:

“Əgər belə olmasaydı, necə olardı?”

“Niyə məhz o anda susdum?”

“O getməsəydi, mən kim olardım?”

Travma insanı iki yerə ayırır: biri bu dünyada yaşayır, digəri o anın içində qalır. Və ruh bəzən ikinci parçanın yanında dayanmağı seçir. O, ağrını tərk etmir, çünki o ağrı ilə kimliyini bağlayıb. Bu, qəribə bir sədaqətdir, bəziləri üçün ağrını unutmaq xəyanət kimidir.

Travma yaddaşın içində canlı bir “an” kimi qalır. Beyin onu keçmişdə baş vermiş bir hadisə kimi deyil, indiki zamanın içində yaşanan bir reallıq kimi qəbul edir. Bu səbəbdən bəzi insanlar bir səsdə, bir səhnədə, bir qorxuda ani olaraq – heç bir xəbərdarlıq, icazə olmadan “oraya” qayıdırlar.

Elmi baxışla desək, zaman anlayışımızı hipokampus və prefrontal korteks idarə edir. Ancaq bu hissiyat yalnız texniki ölçü deyil, bu, şəxsi, mənəvi və emosional təcrübənin məntiqsiz axınıdır. Zamanın kəsildiyi anlarda beyindəki normal ardıcıllıq pozulur. Bu da o deməkdir ki, ruh geriyə dönür, lakin dönüş təkcə xatırlama deyil, O həmin ana təkrar daxil olur. Bu hadisələrdə amigdala – emosional mərkəz aktivləşir və yaddaşı hissə-hissə deyil, bütöv bir duyğu paketi kimi saxlayır. Ona görə də ruh bəzən “xatırlamır”, o, sadəcə “yenidən yaşayır”.

Hər bir insanın içində bir zaman boşluğu var, hamımız orada birini və ya bir şeyi gözləyirik. Bəzən bu, gec vidalaşdığımız uşaq versiyamızdır. Bəzən deyilməmiş bir cümlə, açılmamış bir məktub, eşidilməmiş bir vida. Və bu “boşluq” susur, amma hər gecə ruhumuza pıçıldayır:

“Məni unutma. Mən oradayam. Hələ də gözləyirəm”.

Bu o səbəbdəndir ki, insanlar bəzən əsərlərində, dualarında, musiqilərində “ilişib qaldıqları” o hissi dilə gətirirlər. Çünki danışmadığımız duyğular danışmaq üçün başqa yollar tapır. Mütləq ki, tapır...

Ruhun zaman boşluğundan çıxması üçün ilk addım qəbuldur. Qorxduğumuz o keçmiş anı tanımaq, ona toxunmaq və onunla danışmaq.

İkincisi, ifadə – yazmaq, yaratmaq, ağlamaq, danışmaq. Ağrını adlandırmadıqca o bizi idarə etməyə davam edir.

Üçüncüsü, şüurlu yaşamaq – Çünki anı görmədən keçmişdən azad ola bilmərik. Hər nəfəs bir yerdədir: bura və indi. Orada nə peşmanlıq var, nə də gələcək qorxusu, yalnız yaşamın özü var.

Ruhumuz bəzən zamanla ayaqlaşa bilmir. Çünki zaman bizi qabağa aparır, amma ruh geridə, dərin – yarımçıq qalmış, bitməmiş, izah olunmamış bir anın içində qalır. İnsan yalnız o anla barışdıqda irəli gedə bilər. Əks halda, o, zamana görə yaşayar, amma zamansızlıqda ömür sürər.

Və bəzən ən böyük müdriklik “niyə?” demədən ruhumuzu həmin anın əlindən yumşaqca alıb bu günə gətirməkdir.

Unutma! Nə də olsa, həyat plan qurarkən yaşadıqlarımızdan ibarətdir. Və bəlkə də, bütün dərslərin ən mühüm olanı bunu qəbul edə bilməkdir.