Əsas məzmuna keçin

Görünməz Əl (Invisible Hand)

· Oxuma müddəti: 2 dəqiqə
Əli Hüseyni
Müəllif

Hər kəs öz mənfəətini güdür və bununla da, cəmiyyətin rifahı artır. Görünməz əl metaforu, əslində, bazar iqtisadiyyatında təklif və tələbi sadə şəkildə izah edir. İnsanlar öz mənfəətləri üçün işləyir və ümumi rifaha töhfə verirlər. Məsələn, bir çörəkçi daha çox pul qazanmaq üçün çörək bişirir, amma nəticədə, insanlar çörək yeyə bilirlər.

Adam Smitin 1776-cı ildə yazdığı “The Wealth of Nations” (Millətlərin sərvəti) kitabının əsasını liberal iqtisadiyyat təşkil edirdi. Yəni dövlətin müdaxiləsi olmadan bazar özünü tənzimləyir. Həmin dövrdə hər şey, əsasən, kilsənin nəzarəti altında fəaliyyət göstərirdi. Smitin XVIII əsrdə irəli sürdüyü “görünməz əl” ideyası, dövrünə görə, radikal səslənsə də, böyük uğur qazandı.

"Görünməz əl" ifadəsi bu kitabda cəmi üç dəfə işlədilsə də, geniş marağa səbəb olmuş və bir növ, simvolikaya çevrilmişdir. Hər bir fərd nə ictimai faydanı düşünür, nə də onu nə qədər düşünəcəyini bilir. Smit deyirdi ki, insanlar öz maraqlarını nə qədər çox düşünsələr, sistem bir o qədər yaxşı işləyər. O deyirdi: “Cəmiyyətin faydasını düşünən çox insan gördüm, amma heç biri bu sistem qədər insanlara fayda verə bilmədi”. İnsanlar yalnız özlərini düşünürlər, cəmiyyətin faydasını düşünmürlər, amma yenə də onların fəaliyyəti, nəticə etibarilə, cəmiyyətə böyük fayda verir. Məsələn, bir sahibkar məhsulunu daha yaxşı satmaq üçün keyfiyyətini artırır, bazarda rəqabətə davamlı olmağa çalışır və bu da onun gəlirini artırır. Tutaq ki, mən bir ixtiraçıyam və yeni bir saat icad etmişəm. Bu saat digər saatlardan daha innovativ və fərqlidir: batareya, günəş və bədən enerjisi ilə işləyir. Əgər mənim saatım digər saatlardan seçilirsə, bazarda birinci yerdə olacaq. Mənim məqsədim cəmiyyətə fayda vermək deyil, daha çox pul qazanmaqdır. Məhz burada görünməz əl işə düşür. Mən şəxsi maraq güdürəm, amma nəticədə ümumi rifaha xidmət etmiş oluram. İstehlakçılar daha yaxşı, uzunömürlü saat əldə edir və mən də innovasiyanı artırmış oluram. Əgər tələbat olmasaydı, yəni insanlar bu saatı istəməsəydi, mən pul qazana bilməzdim. Əgər bazarda bir nəfər mənfəət güdürsə, digərləri isə sadəcə fədakarcasına çalışırsa, bu zaman sistem effektiv işləməz. Çünki rəqabət və təşəbbüs şəxsi maraq üzərində qurulmalıdır ki, inkişaf baş versin.

Fərdi maraq + azad bazar = ümumi rifah