Əsas məzmuna keçin

Cogito Ergo Sum* və ya Skeptisizm

· Oxuma müddəti: 3 dəqiqə

Yunanca “skopein” sözündən gələn skeptisizm sözünün kökü “skeph və ya skepsis” düşüncə, soruşdurma və incələmə kimi mənalara gəlməkdədir. Skeptisizm ilk dəfə Sekstus Empirikus tərəfindən ətraflı şəkildə araşdırılmışdır. David Hume skeptisizmi öncül və nəticə skeptisizmi, həmçinin bunların özünü də: ifrat və yumşaq (ılımlı) olaraq iki yerə ayırır.

İfrat skeptsizm

Bu növün ən önəmli nümayəndəsi “Pironizm” doktrinası ilə bilinən Piron və Sekstus Empirikusdur. Pironun fikrincə dünya biz olmadan başa düşülməzdir, qavrayışlarımız və inanclarımız isə doğru deyildir; buna görə də hansısa mövzuda hökm verməyib, mühakimələri dayandırmaq (epokhe)** insan xoşbəxtliyinin nəticəsi olan zehni hüzuru da (Epikürdə də rast gəldiyimiz ataraxia)*** bərabərində gətirəcəkdir. Nitsşe “The will to power” - gücə iradə adlı kitabında “doğruluğun bir çox növü olduğu bu səbəblə də heç bir doğrunun olmadığını” iddia edirdi. Doğru, həqiqət və bilgi iddiaları insanların öz perspektivlərindən yönəltdikləri baxış bucağıdır.

Yumşaq skeptisizm

Popkinə görə bu skeptik düşüncənin başlanğıc nöqtəsi Sokratın “bildiyim tək şey, heçnə bilmədiyimdir” ifadəsidir. Yumşaq skeptisizminin ən tanınmış nümayəndəsi isə David Hume sayılır. Hume özünü ifrat skeptiklərdən ayırmış və Popkinə görə Paskalın “insan öz varlığından da şübhə edər? Mən heç bir insanın gerçək anlamda vir Pironist olmadığını deyirəm” ifadələrindən təsirlənərək təbiətin insanı ifrat pironçuluqdan uzaqlaşdırdığını iddia etmişdi.

Skeptisizmin tənqidi

Bu mətni oxuduğunuz telefonun bir xəyal və ya Dekartın iddia etdiyi kimi “pis niyyətli bir cinin”**** aldatması olduğunu düşünək. Bu cür iddia ediriksə hökmən xəyal olmayan, yəni real/həqiqət olan nələrinsə də olduğunu qəbul etməliyik. Çünki əks halda hər şey xəyal dediyimiz məfhumlar olsaydı bunlara xəyal yox gerçək deməli idik. Belə bir vəziyyətdə isə dünya solipsizmin təsvir etdiyi kimi olardı. Xəyalın realdan ayırd edilə bilir olması ifrat skeptisizmin təməlini ciddi formada sarsır.

* Cogito ergo sum - Bu ifadə Dekartın məhşur “Düşünürəmsə deməli, varam” ifadəsidir. Dekarta görə bir filosof ilk öncə hər bilgiyə şübhəylə yanaşmalı, daha sonra isə şübhə ilə yanaşıla bilinməyən həqiqətə çatmalıdır. İlk dəfə bu gerçəyi özü ilə yəni “mən” anlayışı ilə təməlləndirərək başlamışdır.

** Epokhe - Skeptisizm anlayışında epistemik olaraq bilgiyə çata bilmədiyimiz üçün mühakiməyə son qoyulma və hər cür dəqiq, mütləq qərardan qaçınma davranışı. Ümumilikdə fəlsəfə tarixində isə başlanğıc nöqtəsi və ya şübhə edilməyən bir başlanğız substansiya olaraq da anlaşıla bilər (Dekart, Husserl, Hiedegger və.s)

*** Ataraxia - Epikürə görə insanın zehni olaraq qorxu və narahatlıqdan uzaq dinc halıdır.

**** Dekartın pis cini - Dekartın şübhə edilməyən gerçək yəni substansiya axtarışında həqiqət anlayışımızı bu anlayışla şübhəyə salır. Yəni düşünək ki, hansısa pis niyyətli cin bizim düşüncələrimizi və hətta davranışlarımızı istədiyi formada bizə göstərəcək şəkildə yaradır, yəni misalçün əslində siz bu məqaləni oxumursuz reallıqda başqa bir məkanda futbol oynayırsınız.